Danışan bloq

Müsahibə prosesində "ağ yalanlar"

Müsahibə mərhələsinin bir çox hallarda yüksək təzyiq altında keçdiyinin hər birimiz fərqindəyik. Bəs bu anlarda danışılan yalanlara bəraət qazandırıla bilərmi?

İşə qəbul mərhələsində “ağ yalan” danışanlarla bir çoxumuz qarşılaşmışıq. Bu yalanlar hər iki tərəf – həm namizəd, həm də şirkəti təmsil edən şəxs tərəfindən söylənilə bilər. 

 

Gəlin məsələnin kökünə qədər enək. Məsələ ondan ibarətdir ki, insanlar olaraq ağ yalan danışmağın o qədər də pis bir iş olduğunu düşünmürük. Elə bu səbəbdən işə qəbul prosesində nə özümüzü, nə də qarşı tərəf olaraq təmsil etdiyimiz şirkəti “şişirtməkdən” qaçınmırıq. Necə deyərlər, körpünü keçənə qədər ayıya dayı demək olar. Əsas odur, işimiz düz getsin.

 

İşaxtaranlar tərəfindən müsahibə zamanı deyilən 5 yalan

İşə qəbul zamanı namizədlər bir neçə mövzu barədə ağ yalan deməyin onların xeyrinə olacağını düşünürlər.

 

  1. Yüksək maaş

İntervyu götürən şirkət əməkdaşının müsahibənin hansısa bir zaman dilimində maaş gözləntinizin nə olduğunu soruşacağını hər kəs təxmin edə bilər. Deyilən ilk yalanlardan biri elə bu mövzu bağlı olur. Əvvəlki iş yerində aldığınız əmək haqqını artıraraq söyləməyin sizə heç bir mənfi təsir göstərməyəcəyini düşünə bilərsiniz. Lakin bu məsələ öyrənildiyi təqdirdə imicinizə zərər vuracağını əvvəlcədən nəzərə almağınız lazımdır. 

    2. Təcrübə, beynəlxalq sertifikatlar, kurslar

Bir çox iş elanlarında 1 ildən çox, 1-3 il iş təcrübəsi və s. kimi tələblərin qoyulduğuna şahid oluruq. Müsahibə zamanı bəzi namizədlər qoyulan tələblərə uyğun olmadığını düşünərək “ağ yalan” danışırlar. Sadəcə sertifikat almaq üçün gedilən kurslar, tədbirlər də bu mərhələdə “göz boyamağa” imkan verir. 

    3. Əvvəlki iş yeri

“İşdən ayrılma məqsədiniz nə idi? Çıxmısınız yoxsa çıxarılmısınız?” İşdən çıxarılan namizədlər belə, səbəbindən asılı olmayaraq bunu qəbul etmək istəmir və dilə gətirmirlər. Əgər müsahibə götürən şəxs sizin korporativ mühitdə necə olduğunuzu öyrənmək istəsə, əlaqə saxlayacağı ilk şəxs təbii ki, əvvəlki kollektivinizin bir üzvü, xüsusən də müdiriniz olacaq. Bu səbəbdən, işdən ayrılma səbəbinizi düzgün şəkildə qeyd etməkdə fayda var.

    4. “Bizimlə nə üçün işləmək istəyirsiniz?”

Dürüst olmaq lazımdırsa, bu suala çox zaman bu şirkətin bir üzvü olmağı arzuladığımızı, məqsədimizin elə bu olduğunu bildiririk. Əgər bu cavabı əsaslandıra bilmiriksə, deməli yenə də ağ yalana müraciət etmiş oluruq.

    5. “Əsl komanda ruhlu insanam”

Hansımız komanda ilə yaxşı işləmədiyimizi demişik?! Əslində nə qədər də introvert olsaq da, bəzən müsahibələrdə özümüzü olduğumuzdan daha canayaxın, daha ünsiyyətcil olaraq təqdim edirik. Komanda ilə birbaşa işləmə zamanı gəlib çatdıqda isə təəssüf ki, bu məqamlar açığa çıxmış olur. 

 

Namizədlərin müsahibənin gərginliyi, müraciət etdiyi işə çox ehtiyacı olması səbəbindən yuxarıda qeyd etdiyimiz ağ yalanlara müraciət edə biləcəyini artıq bilirik. Bəs şirkətin əməkdaşı – müsahib də şirkət haqqında ağ yalanlar danışırmı?

 

İşəgötürənlər tərəfindən müsahibə zamanı deyilən yalanlar 

 

  1. Namizədlərə tezliklə geri dönüş edəcəklərini söyləmək

“Biz sizinlə qısa müddət ərzində əlaqə saxlayacağıq”. Qısa müddət? 1 gün? 1 həftə? 

Bir çox hallarda isə geri dönüş belə alınmır. Lakin son zamanlarda müsahiblərin qeyd etdiyi başqa bir ifadə budur: “Sadəcə müsahibə prosesini uğurla keçmiş namizədlərlə əlaqə saxlanılacaq”.

      2. “CV-nizi ehtiyat bazamızda saxlayacağıq”

Bu ağ yalan çox zaman rədd məktubunun tərkibində yazılır. Və işə qəbul olmayan namizədə bir növ motivasiya vermək xarakteri daşıyır. Ancaq həqiqət ondan ibarətdir ki, “ehtiyatda saxlanılan” CV-lər bir çox hallarda yenidən dəyərləndirilmir və unudulur.

     3. Görkəmli iş yeri və biznes mədəniyyəti

İşəgötürənlərin əsas vəzifələrindən biri müraciət edən namizədlərə şirkətlərinin necə mükəmməl olduğunu danışmaqdır. Şirkətin missiyasından başlayaraq korporativ mədəniyyətinə qədər təşkilatın sadəcə yaxşı və diqqət cəlb edən faktorları vurğulanır. İş qrafikində çeviklik, peşəkar inkişaf və s. kimi şeylər iş yeri mədəniyyətini satmaq üçün istifadə olunan xüsusiyyətlər arasındadır. Onların işi, quruluş sağlam olmasa belə, təsviri satmaqdır.

 

Əlaqədar məqalələr

Sınaq müddəti nədir və necə işləyir?
İşsiz qalan “işçilər”
Geri dönüş hər kəsin haqqıdır
Nə Oxudum? Nə oldum?