Danışan bloq

İşsiz qalan “işçilər”

İşini yaxşı bilib işsiz qalmaq da başqa dərddir. Söhbət, işinə müxtəlif səbəblərdən fasilə vermək məcburiyyətində qalan və işləmək istəyəndə də iş tapa bilməyən şəxslərdən gedir.

Əmək bazarına diqqətlə baxsaq, iş tapmaqda çətinlik çəkən iki əsas sektor olduğunu görərik: 

Analıq məzuniyyətinə çıxanlar, səhhəti ilə bağlı çətinliklərlə rastlaşmış şəxslər uzunmüddətli fasilə səbəbindən ya əvvəlki iş yerlərində daha az güvənlə qarşılanır, ya da ümumiyyətlə, öz sahələri üzrə iş tapmaqda çətinlik çəkirlər.

Daim yenilənən, dəyişən əmək bazarında işçilər daim öz üzərində işləməlidir ki, rəqibləri ilə ən azı rəqabət apara biləcək səviyyədə təcrübəli olsunlar.

Kariyerasına fasilə verib yenidən işə qayıtmaq istəyənlər:

İşləmək istədiyiniz sahəyə həqiqətən hakim olduğunuzu göstərməyiniz üçün bu sahədəki dəyişiklikləri, istifadə olunan yeni medotları, işəgötürənlərin gözləntilərini qarşılamaq üçün bəzi mənbələrdən (eyni işi görən digər peşəkar insanlar, veb saytlar, bloqlar, onlayn kurslar) faydalanmağınız və daha sonra işə müraciət etməyiniz daha faydalı ola bilər.

Məsələn, siz ofis koordinatoru vəzifəsinə müraciət edirsinizsə, açıq ofis mədəniyyətinə, iclas otaqlarındakı proyektor və s. kimi texniki vasitələrin qurulması qaydalarına hakim olmalısınız. Və yaxud da uzunmüddətli mühasib təcrübəniz varsa və bu sahə üzrə yenidən işləmək istəyirsinizsə, siz bugünün tələblərinə uyğun olan mühasibatlıq proqramlarında işləməyi bacarmalısınız.

Əgər müsahibəyə dəvət olunmusunuzsa demək ki, işəgötürən sizi verdiyiniz fasiləyə rəğmən müsahibəyə dəvət edib. Bu zaman özünüzə əmin olmalısınız, o soruşmadan onun beynində sual doğuran məqamlara özünüz toxunmalı və inandırmalısınız ki, fasilə verməyinizə baxmayaraq bu işin öhdəsindən gələ bilərsiniz. Bu işə sadəcə maddi ehtiyac olduğu üçün yox, həm də həqiqətən işləmək istədiyiniz üçün müraciət etmisiniz. 

Elə məsələn, 2015-ci ildə çəkilmiş komik “Hollywood” filmi “The Intern” – də (təcrübəçi) bu mövzuya maraqlı yanaşma əks edilib. Filmdə 70 yaşlı Ben Whittaker yaşının çox olmasının işləyə bilməyəcəyi mənasına gəlmədiyini kəşf edir və bir moda firmasında təcrübəçi olaraq işə başlayır və gənclərə bir çox mövzuda dəyərli təcrübələr yaşadır. 

Əlaqədar məqalələr

Bir insana şans verin
Nə Oxudum? Nə oldum?
Geri dönüş hər kəsin haqqıdır
Müsahibə prosesində "ağ yalanlar"