Danışan bloq

Geri dönüş hər kəsin haqqıdır

 

Təsəvvür edin ki, əlinizdən gələnin ən yaxşısını edirsiniz. Böyük səylər göstərərək həqiqətən çox çalışırsınız, lakin bu işin nəticələrindən faydalananlar (iş həyatınızda rəhbərləriniz və ya şəxsi həyatınızdakı yaxınlarınız) səyiniz haqqında heç nə demir. Sanki etdiklərinizin heç kim fərqində deyil. 

 

Etdiyimiz işin böyük və ya kiçik, vacib və ya əhəmiyyətsiz olmasından asılı olmayaraq, hər birimiz səylərimizin, cəhdlərimizin görülməsini istəyirik. Əksər hallarda insan öz işini qiymətləndirə bilmir və başqalarının fikrinə ehtiyacı olur. Rəy bildirmək işi görən insanı nəzərə almaq, onun əməyinə hörmət etmək və ona dəyər vermək deməkdir. Beləliklə, insana sadəcə işlərini daha yaxşı görməyə kömək etmir, həm də ona özünü tanımağa, özünə daha çox arxayın olmasına və insanlarla daha möhkəm əlaqələr qurmasına yol açır.

 

İnsan resursları sahəsində bir çox qiymətləndirmə üsulları geri dönüşə, fərdlərin rəyinə əsaslanır. Qiymətləndirmə zamanı "Həmkarınızın və ya işçinizin fəaliyyəti haqqında nə düşünürsünüz?" kimi suallar verilir. Lakin  insanlar, xüsusilə də bizim insanımız, bu suallara açıq cavab verməkdən çəkinirlər. Dürüst rəyimizi dolaylı yollarla anlatmağa çalışırıq, çünki cəmiyyət olaraq insanların əksikliklərini üzünə söyləməyi kobud və təkəbbürlü bir davranış kimi qiymətləndiririk. Bu səbəblə bizim cəmiyyətimizdə belə qiymətləndirmə sistemləri yetəri qədər uğurlu olmur. 

 

Doğru geri dönüş necə edilir?

 

Geri dönüş ümumiləşdirmələrlə, ironiyalarla, birini hədsiz yüksəltməklə və yaxud “qardaş-bacı” nəsihəti verməklə edilməz. 

Geri dönüş konkret bir hadisə və ya mövzu üzərindən edilir. Qısa və aydın olur. Bir qrupa deyil, şəxsə yönəlir. Əgər bu şəkildə edilirsə, şəxsin fərqindəliyi artır, nəyi, necə edəcəyini daha yaxşı bilir. Effektiv rəy hər kəs üçün əla inkişaf vasitəsidir. Doğru zamanda və düzgün tonla edilən, dolğun, qərəzsiz rəy dəyişiklik gətirir. 

 

Birisi və ya nə isə haqqında rəy bildirmək, təşəkkür etmək, qiymətləndirmək kimi davranışlar ibtidai məktəb yaşından aşılanmalıdır. Rəy vermək və qəbul etmək hamımızın öyrənməli olduğu davranışdır.

 

Bir insan qırx il bir işlə məşğul olsa belə, başqalarının onun haqqında nə düşündüyünü bilmək istəyir. Yaxşı və ya pis tərəflərini fərqində olmaq, özünü təkmilləşdirmək arzusunda olur.

Hər kəsin rəyə ehtiyacı var, daha da önəmlisi bu hər kəsin haqqıdır. 

Əlaqədar məqalələr

Bir insana şans verin
Müsahibə prosesində "ağ yalanlar"
İşsiz qalan “işçilər”
Sınaq müddəti nədir və necə işləyir?