Adını tapa bilmədiyiniz şey: Silo effekti
Əgər şirkət hədəflərinizə çatmaq istəyirsinizsə, o zaman hər bir departament arasında güclü kommunikasiya və əməkdaşlığa ehtiyacınız var. Uğurlu kommunikasiya komanda işini təkminləşdirir, anlaşılmazlığı, səhvləri azaldır və beləliklə məhsuldarlığı artırır. Uğurlu kommunikasiya yalnız daxili proseslərdə deyil, həm də həmkarlarınız və müştərilərinizlə daha yaxşı əlaqələr qurmaqda da əhəmiyyətli rol oynayır. Əgər şirkətinizdə bu sadalananlar yoxdursa, bilin ki, silonun təsiri altındasınız.
Silo Nə Deməkdir?
Silo effekti bir qurumda departamentlər, komandalar və yaxud fərdlər arasında kommunikasiya və ortaq məqsədlərin əksikliyini təsvir etmək üçün istifadə edilən termindir. “Biz” və “Siz” ayırımının edilməsidir.
İş Yerində Silo Effekti
İş yerində bəzi fərdlər və qruplar şüurlu və ya şüursuz olaraq digər istiqamətlər üzrə fəaliyyət göstərən işçilərlə bütünləşmə məsələsində istəksizdirlər. Onlar “böyük rəsmi” görməkdə çətinlik çəkir, yalnız öz məqsədlərinə və mənafelərinə fokuslanırlar.
Daxildən bölünmüş şirkətlərdə yeniliyi həyata keçirmək çox çətindir. Hər bir yenilik və hər dəyişiklik bir bölmənin gücünü azaltmaq, digər bölmənin gücünü artırmaq ehtimalı daşıdığından qərar qəbul etmək və qəbul edilən qərarları həyata keçirmək çox çətinləşir. Sabit sistem dəyişikliyə və yeniliyə müqavimət göstərir, çünki departamentlər şirkətin uğurundan çox öz güclərini qoruyub saxlamağı hədəfləyirlər. Əslində rəhbərliyin daxildəki qarşıdurmaya olduqca təsiri var. Misal üçün, bir qrupa satış hədəfinin verilməsi, digər qrupa isə gəlirlilik hədəfinin verilməsi onları ortaq məqsədə təşviq etmək yerinə, daha da bir-birindən uzaqlaşdırır.
Silo Effektinin 3 Əsas Səbəbi
- Liderlik əksikliyi
- Nizamsız iş strukturu
- Kommunikasiya çətinliyi
Bu gün internet sayəsində dünyanın müxtəlif yerlərindən insanlar bir ideya və ya məhsul üzərində əməkdaşlıq edir. Bu insanların heç biri təcrid olunmuş vəziyyətdə yaşamır. Əksinə, ayrı-ayrı qitələrdə yaşasalar da, bir-birlərini dəstəkləyərək və tamamlayaraq böyük həvəslə çalışırlar. Təəssüflər olsun ki, bir-birindən minlərlə kilometr uzaqda olan bu insanların bacardığını yan-yana otaqlarda çalışan şəxslərin bacarmamasının yeganə səbəbi qeyri-etik iş anlayışı və bu anlayışa göz yuman rəhbərlikdir.
Faydalı ola bilmək üçün ortaq məqsədə doğru birlikdə irəliləmək mədəniyyətini formalaşdırmalıyıq.