İş axtarışı zamanı bunları etməyin!
İşsiz olmaq, işsiz qalmaq insanı sıxıntıya salan bir şeydir. Ancaq iş axtarışında olarkən bir sıra məqamlara diqqət etsəniz iş tapma müddəti sandığınız qədər uzun olmaya bilər. İş axtarışı zamanı diqqət edəcəyiniz məqamlar bunlardır:
Bir sahə üzrə ixtisaslaşmamaq və eyni cv-ni fərqli vakansiyalara göndərmək. Unutmayın ki, cv-nin məqsədi sizi müsahibəyə dəvət etdirməkdir. Siz bu fürsətdən maksimum istifadə etməlisiniz. Ona görə də, müxtəlif vakansiyalara müraciət edəcəksinizsə, sizin bir neçə formada CV-niz olmalıdır.
Öz potensialınızdan yüksək yaxud aşağı vəzifələrə müraciət etmək. Hər iki halda sizə geri dönüş olmayacaq.
Bazar qiymətinə uyğun olmayan əmək haqqı gözləntisi. Siz nə qədər professional kadr olsanız da, sizin vəzifə üçün təklif olunan ortalama əmək haqqı mövcuddur. Kiçik bir araşdırma edərək, vəzifəniz üçün təklif oluna biləcək ən yüksək əmək haqqı məbləği ilə tanış olub, daha sonra həmin məbləğ ətrafında razılığa gəlməyə məcbursunuz. Əks halda qarşıdakı zaman ərzində siz yenə də iş axtarışına davam edəcəksiniz.
İş axtarışına kifayət qədər vaxt ayırmamaq. Əgər siz iş axtarışındasınızsa, gündə 10 dəqiqə iş elanları saytında aktiv vakansiyalarla tanış olub, onlara CV göndərmək sizi məqsədinizə çatdırmayacaq. İş axtarışındasınızsa, bu prosesin özünə bir iş kimi yanaşmalısınız. Məsələn: Səhər tezdən oyanırsınız, yeməyinizi yedikdən sonra qəhvənizi əlinizə alıb keçirsiniz kompüterinizin qarşısına. Beləliklə, bütün iş elanları saytında, sosial şəbəkələrdə, vakansiya paylaşılan bütün qruplar və səhifələrdə iş axtarışınıza başlayırsınız. Əmin olun ki, siz öz məqsədinizə çatacaqsınız.